Xəbər verdiyimiz kimi, Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının finalında Azərbaycan milli komandası Macarıstan yığmasını 4:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionu olub.
Tezexeber.com “Qafqazinfo“ya istinadla verdiyi xəbərə görə, oyundan sonra Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov jurnalistlərə açıqlama verib.
Federasiya rəhbəri qələbəni “tarixi hadisə” adlandıraraq, bütün azarkeşlərə təşəkkürünü bildirib:
Bu, tarixi hadisədir. Hər bir azarkeşə təşəkkürümü bildirirəm. Futbolçularımız yüksək səviyyədə və səhvsiz çıxış etdilər. Ona görə də, bu oyun bizi daha da yüksək yerlərə çatacağımızı göstərir. Bu qələbənin öz azarkeşlərimiz qarşısında baş verməyi bizi daha da çox qürurlandırır.
Məmmədov, ABŞ səfirliyinin milli komandanı sosial şəbəkə üzərindən təbrik etməsinə də münasibət bildirib:
Bizim qələbəmiz çox böyük bir hadisədir. Bu danılmaz bir faktdır. Biz hələ avropa çempionu olanda Prezident bizi qəbul etməklə qələbəmizin nə dərəcədə əhəmiyyətli olduğunu göstərmişdi. Bizə həmin çempionluqdan sonra maliyyə dəstəyi də ayrılmışdı. Bu dünya çempionatıdır. Burda zəif komanda yoxdur. 32 yığma arasından ilk pillədə olmağımız qürurlandırıcıdır. Kim bizim qələbəmizi kiçiltmək istəyirsə, onları bizim ölkəmizin düşmənləri də adlandırmaq olar.
Orxan Məmmədov, gələcək planlar barədə də danışaraq minifutbolun ölkədə daha da inkişaf etdiriləcəyini vurğulayıb:
Biz cavan federesiyayıq. Ona görə də, hədəflərimiz çoxdur. Minifutbolun başqa səviyyəyə çatdırılmağı, infrastrukturun daha da inkişaf etdirilməsi əsas hədəflərimizdən biridir. Gənclərin də minifutbola daha çox maraq göstərməsi məqsədlərimiz sırasına daxil edilə bilər.
Sonda, minifutbolun FİFA tərəfindən tanınıb-tanınmayacağı ilə bağlı suala isə belə cavab verib:
Əlbəttə, biz çalışacağıq ki, FİFA rəsmiləri də bu təşkilatçılığı görsün. Dünya Minifutbol Federasiyası ilə birlikdə bu məsələyə baxılır.